Əgər əsrin əvvllərində seriya öz
mənşə xarakteristikalarını tədricən toplayırdısa, əsrin ikinci yarısında
onları həmçinin tədricən itirməyə başlamışdır. Bəs demək olarmı
ki, bəzi postklassik seriya texnikaları musiqi təfəkkürünün seriya
ərəfəsi vəziyyətinə "qayıtmışlar"? Əlbəttə ki, demək olmaz! Çünki
musiqi dilində baş vermiş dəyişikliklər olduqca böyükdür.
Seriya texnikasının hamılıqla tanınmış
"xidməti" tonal sistemdə məna baxımından əhəmiyyətli olmayan vahidin
(səsin, tembrin) semiotik səviyyəyə keçirilməsindən ibarətdir. Lakin
bizi bu məntiqi silsilənin başqa bir elementi maraqlandırır, çünki
əgər əvvəlki sistemdə semiotik cəhətdən artikulyasiya əmələ gətirməmiş
olan xüsusiyyət serializmdə fonemə çevrilmişsə, onda anlamaq çətin
deyildir ki, keçmiş "fonem" (tutalım, interval) yeni musiqi mühitində
morfem olmuşdur. Səsli (və mənalı) musiqi təşkilinin bu leksik səviyyəsini
nəzərdən keçirək.
Dodekafoniyanın inkişafının əsas
yekunu hemiotonikadan, yəni konsonansla dissonans arasındakı psixoloji
və akustik fərqin aradan götürülməsindən ibarətdir. Bu, hətta A.Şönberqin
bədii sistemində deyil, onun şagirdi olan A.Vebernin yaradıcılığında
daha parlaq təzahür etmişdir. İndi biz inamla deyə bilərik ki, həmin
variant musiqi sənətinin Qərbi Avropa qolunun son həddini müəyyənləşdirmişdir.
Əgər seriya texnikasını metadil səviyyəsinə bərabər tutsaq (deyərdik
ki, bu, indi məhz belədir), onda müxtəlif sistemlər - "Qərb", "Şərq"
sistemləri ona müxtəlif idiolektlər kimi daxil olurlar. Bu isə o
deməkdir ki, monodik təfəkkürün (özünün ən müxtəlif milli məna çalarlarında)
valentliyinə malik "sözlər" dodekafoniya leksikonuna "bərabər hüquqla"
daxil ola bilər.
Zənnimizcə, Qara Qarayevin xidməti
bundan ibarətdir ki, o, birincilər sırasında dodekafoniyanı nəinki
musiqi dilinin mücərrəd hala salınmasının müasir səviyyəsinə tam
uyğun olan təfəkkür tərzi kimi qavramış, həm də seriya texnikasından
universal dil kimi istifadə etmişdir; elə bir dil ki, burada idiolektlərin
(müxtəlif xarakterli musiqi sistemlərinin) fərqləri müəyyən dərəcədə
yox olub gedir. Buna III Simfoniyada müxtəlif mədəni idiolektlərin
- Şərq ("aşıq" allüziya -ünsürlərinin) və Qərb (tonal sistemin "əks-sədaları")
- artikulyasiya əmələ gətirən məna elementlərindən (sözlərdən) yeni
dil mühitində və yeni dil səviyyəsində istifadə edilməsi faktının
özü sübutdur. Qara Qarayevin yaradıcılıq sistemindəki "söz" konstruksiyalarının
polivalentliyi bundan ibarətdir ki, müxtəlif üslub reallıqlarının
birgə mövcudluğu və qarşılıqlı asılılığı kimi bu polivalentlik nəinki
məkanca (Şərq-Qərb), həm də xronoloji cəhətdən bərabər vektorda
istiqamtlənmişdir. Özü də bu "bimədənilik" intonasiyadan, ahəng
quruluşundan, harmonik strukturlardan tutmuş musiqi kompozisiyası
səviyyəsində daha iri hissələrə ayrılmayadək və musiqi dramaturgiyasının
inkişafınadək musiqi materialının təşkilinin bütün səviyyələrində
müşahidə edilir. Bəstəkarın poetikasının önündə müxtəlif musiqi
sistemlərinin bir növ oxşar elementləri arasındakı əlaqəni şərh
edən müqayisə durur (barokko və muğam improvizasiyalığı, təbii minor
və "Şur"un səs düzümü necə oxşar ola bilər və s. və i.a./. Qara
Qarayevin çox böyük xidməti, çox böyük kəşfi məhz bundadır.İndi
onun son dövr əsərlərinin estetikasında bir çox xüsusiyyətlər tamamilə
təbii, müəyyən dərəcədə qanunauyğun görünsə də, yeni elmi araşdırmalarla
əlaqədar 111 Simfoniyanın tonal (və milli) allüziyalarını yarımrəsmi
mədəniyyəti yasaqlayan sistemə kiçik dozalarla "öyrəşdirmək" cəhdində
ancaq ehtiyatlılıq kimi qəbul etmək olmaz. Vəziyyətin qəribəliyi
bundadır ki, musiqi dilinin milli elementlərinin və dodekafon texnikasının
simbiozu serializm müdafiəçiləri və məddahları tərəfindən rədd edilmişdir.
Teodor V.Adornonun "Musiqi və millət" məqaləsindən də sitat gətirmək
istərdik: "Materialın işlənməsi formaları baxımından hər cür milli
xüsusiyyətlərlə və irrasionallıqlarla həqiqətən uyuşmayan seriya
texnikasını hətta İ.Stravinski də nəhayət tətbiq etməyə başlamışdır"(10,153).
Bu məqalə Teodor Adornonun Frankfurt Universitetində 1961/62-ci
il qış semestrində oxuduğu mühazirələr məcmuəsinə - "Musiqi sosiologiyasına
giriş" toplusuna daxildir. Qara Qarayevin 1969-cu il üçün yazdığı
gündəlikdəki qeydləri yenidən yada salaq - bu qeydlərdə mədəniyyətin
inkişaf prosesləri necə də aydın dərk edilir, bu qeydlər necə də
uzaqgörənliklə yazılmşdır.
Şönberqin ən mühüm estetik müddəası
yenilik haqqında tezisdir: "Elə bir böyük sənət yoxdur ki, o, bəşəriyyətə
yeni bir əsər verməmiş olsun. Elə bir böyük sənətkar yoxdur ki,
bu vəzifəni yerinə yetirməmiş olsun. Bu, sənətin böyük amalının
şərəf məcəlləsidir və, deməli, biz bütün böyük sənət əsələrində
heç zaman yox olub getməyən yenilik tapacağıq - istər Josken Depre
və ya Bax və ya Haydn olsun, istərsə də hər hansı digər böyük ustad.
Çünki Sənət həmişə Yeni Sənətdir...."(1,374).